Azərbaycanda pensiya yaşı məsələsi yalnız qadınları deyil, həm də kişiləri əhatə edən, milyonlarla insanın həyatına birbaşa təsir göstərən mühüm sosial məsələlərdən biridir.
Hazırda Azərbaycanda qadınlar və kişilər üçün pensiya yaşı 65 yaşdır. Qadınların pensiya yaşının mərhələli şəkildə artırılması prosesi 2027-ci ilədək nəzərdə tutulmuşdu və 2026-cı il iyulun 1-dən etibarən qadınlar üçün də yaş həddi 65 yaş müəyyənləşdirilib.
Rəsmi statistikaya görə, 2026-cı il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Bu rəqəm ölkə əhalisinin 10,7 faizini təşkil edir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 594,4 manat olub.
Bu rəqəmlər göstərir ki, pensiya məsələsi yalnız ayrı-ayrı insanların deyil, cəmiyyətin böyük bir hissəsinin gündəlik həyatına toxunan sosial məsələdir.
Mənim qənaətimə görə, xüsusilə qadınlar üçün pensiya yaşının 60 yaşa, hətta müəyyən sosial və əmək meyarları nəzərə alınmaqla 51 yaşa qədər endirilməsi məsələsinə yenidən baxılması məqsədəuyğun olardı.
Çünki reallıq bəzən qanunlardakı rəqəmlərdən daha fərqli görünür. Qadın 40 yaşından sonra əmək bazarında bir çox hallarda əvvəlki imkanlarını itirir. İşə qəbul zamanı yaş amili onun qarşısına sədd çəkir, bəzi hallarda isə insanın təcrübəsindən daha çox yaşına diqqət yetirilir. 40 yaşdan sonra iş tapmaq çətinləşirsə, 60–65 yaşa qədər fasiləsiz əmək fəaliyyəti gözləmək nə dərəcədə realdır?
Amma bu məsələni yalnız qadınlarla məhdudlaşdırmaq da düzgün olmaz. Kişilərin də yaşı, sağlamlığı, əmək fəaliyyəti, ailə yükü və sosial vəziyyəti nəzərə alınmalıdır. İllərlə çalışan, ailəsini dolandıran, əmək verən hər bir vətəndaş — qadın və ya kişi olmasından asılı olmayaraq — pensiya yaşına çatdıqda öz qanuni haqqını vaxtında və layiq olduğu şəkildə almaq hüququna malikdir.
İnsan yaşa dolduqca fiziki gücü və əmək qabiliyyəti müəyyən qədər zəifləyə bilər. Xəstəliklər, sağlamlıq problemləri və vaxtsız itkilər də insan həyatının reallıqlarıdır. Buna görə pensiya siyasətində yalnız yaş rəqəminə deyil, insanın real həyat şəraitinə, sağlamlığına, əmək bazarındakı vəziyyətinə və ailə yükünə də diqqət yetirilməlidir.
Pensiya və sosial ödənişlərin təyin olunması prosesində aidiyyəti qurumların öz işlərini daha düzgün, ədalətli və məsuliyyətli şəkildə icra etməsi vacibdir. Hər bir müraciət və sənəd qanunvericiliyin tələblərinə uyğun, obyektiv və diqqətlə araşdırılmalıdır. Xüsusilə həqiqətən xəstə, əmək qabiliyyətini itirmiş və sosial müdafiəyə ehtiyacı olan insanların hüquqları diqqətdə saxlanılmalıdır.
HAQQI OLAN VƏTƏNDAŞ — İSTƏR QADIN, İSTƏR KİŞİ — ÖZ PENSİYASINI VAXTINDA, ZAMANINDA VƏ ƏDALƏTLİ ŞƏKİLDƏ ALMALIDIR!
İnsan illərlə çalışıb, əmək verib, dövlətin sosial sisteminə öz töhfəsini veribsə, pensiya yaşına çatdıqda onun qanuni haqqını əldə etməsi üçün süni maneələr yaranmamalıdır. Pensiya insanın illərlə çəkdiyi zəhmətin, əməyinin və sosial sığorta sisteminə verdiyi töhfənin nəticəsidir.
İnkişaf etmiş dövlətlərlə müqayisə apararkən isə yalnız pensiya yaşına baxmaq düzgün olmaz. Ədalətli müqayisə üçün həmin ölkələrdə əməkhaqqı, sosial təminat, səhiyyəyə çıxış, həyat səviyyəsi, iş şəraiti və insanların yaşlandıqdan sonra aldığı sosial dəstək də nəzərə alınmalıdır.
Çünki dövlət tərəfindən pensiya ilə bağlı qəbul edilən hər bir qərar vətəndaşların həyatına birbaşa təsir edir. Bu qərarlar insanların gələcəyinə, ailə büdcəsinə, sosial vəziyyətinə və sabaha olan ümidinə toxunur. Ona görə də belə #qərarlar vətəndaşların narahatlığına səbəb olmamalı, əksinə, onların real vəziyyətini nəzərə alan ədalətli və düşünülmüş yanaşmaya əsaslanmalıdır.
PENSİYA SİSTEMİNİN YENİDƏN GÖZDƏN KEÇİRİLMƏSİ ŞƏRTDİR!
Ümid edirik ki, vətəndaşların fikirləri, narahatlıqları və təklifləri nəzərə alınacaq. Ümid edirik ki, hər bir vətəndaşın yaşına, əmək fəaliyyətinə, sağlamlıq və sosial vəziyyətinə uyğun ədalətli qərarlar veriləcək.
Çünki pensiya sadəcə dövlət tərəfindən verilən aylıq ödəniş deyil. Pensiya bir insanın ömrünün, zəhmətinin, əməyinin və illərlə qurduğu həyatın bir parçasıdır. Yaşlanan insan üçün ən böyük ehtiyac yalnız maddi təminat deyil, həm də öz zəhmətinin qiymətləndirildiyini hiss etməkdir və ən böyük gözlənti də İnsan ömrünün sonunda öz haqqını axtarmasın, haqqı onu vaxtında tapsın.
Aynurə Ulduz
AtaTv.az saytının baş redaktorun birinci müavini