DÖVLƏTİN GÜCÜ MƏMURUN DƏBDƏBƏSİNDƏ DEYİL, SADƏ VƏTƏNDAŞLARIN VARLIĞINDADIR!
Sadə vətəndaş marketdə çayın,qəndin, çörəyin,südün qiymətinə baxıb cibindəki qəpikləri sayır. Görəsən, bu gün süd alsın, yoxsa çörək? Bəzi məmur ailələrində isə südün qiyməti deyil, süd vannasının dəbdəbəsi müzakirə mövzusudur!
Biri ayın sonunu gətirə bilmir, digəri isə sanki imkanlarının sonu yoxdurmuş kimi yaşayır.
Sadə vətəndaş problemini həll etdirmək üçün rəsmi şəxslərin qəbuluna getməyə bəzən yolpulu belə tapa bilmir. Məmurun isə qapısını döyəcəyi kabinetlər, zəng edəcəyi tanışlar var.
Kasıb xəstələnəndə həkimə getmək üçün pul axtarır, müayinə xərcini düşünür. Bəzi məmur ailələrinin isə şəxsi həkimi, kosmetoloqu, müxtəlif gözəllik prosedurları üçün imkanları var.
Sadə vətəndaş hüququnu qorumaq üçün vəkil tutmağa pul tapmır. Bəzi məmurların isə hüquqi məsələlərini həll etmək üçün vəkilləri var.
Kasıb avtobusa minəndə gediş haqqını hesablayır. Məmur isə bahalı avtomobildə, şəxsi sürücüsünün müşayiəti ilə yol gedir.
Sadə vətəndaş övladının təhsil haqqını ödəmək üçün borc axtarır. İmkanlı ailələr isə övladlarının gələcəyini daha geniş seçimlərlə qururlar.
Kasıb ailə parka gedəndə belə xırda xərcləri hesablayır. Bəzi imkanlı ailələr isə dünyanın müxtəlif ölkələrində istirahət edirlər.
Kasıb gecələr aclıqdan yata bilmir, yeməyin qoxusuna həsrət qalır. Məmur isə pulunu itirmək qorxusundan rahat yata bilmir.
Birinin dərdi dolanışıqdır, digərinin seçimi rahatlıq.
Birinin qapısında ehtiyac dayanıb, digərinin qapısını imkanlar döyür.
Bəs bu fərq haradan yaranır? Niyə bir insan ən adi ehtiyacını qarşılamaq üçün hesab aparmalı, digəri isə rahat həyatın bir çox imkanlarından yararlana bilməlidir?
Əlbəttə, bütün məmurlar eyni deyil. Söhbət kiminsə şəxsi həyatına müdaxilədən yox, cəmiyyətdə sosial ədalət və bərabər imkanlar məsələsindən gedir.
Dövlətin gücü məmurun dəbdəbəsində deyil, sadə vətəndaşın rifahındadır!
Bəlkə də kasıbın bütün çətinliklərə baxmayaraq qoruyub saxladığı bir üstünlük var: o, azad dünyada öz vicdanı ilə yaşaya bilir. Məmur isə bəzən sahib olduğu sərvəti, mövqeyini və itirə biləcəklərini düşünərək qorxu içində yaşayır.
Biri yoxsulluğun qayğısını çəkir, digəri itirmək qorxusunu yaşayır. Əsl azadlıq isə nə sərvətlə, nə də vəzifə ilə ölçülür, insanın vicdanı qarşısında rahat yaşaması ilə ölçülür!
AYNURƏ ULDUZ TEYMUROVA
“QIZIL QƏLƏM” MEDİA MÜKAFATI LAUREATI