İrəvanın tarixi-memarlıq incilərindən biri olan Göy məscid (Hüseynəli xan məscidi) XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın əmri ilə inşa edilmiş və bu günə qədər gəlib çatmış ən böyük tarixi abidələrdən biridir. Məscidin tikintisinə 1760-cı ildə başlanılmış, 1765–1766-cı illərdə isə tamamlanmışdır.
Çar Rusiyası dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini həyata keçirdikləri səkkiz məsciddən biri olan Göy məscid 28 hücrə, kitabxana, ibadətgah və daxili həyətdən ibarət olmuş, ümumilikdə 7 min kvadratmetrlik ərazini əhatə etmişdir.
İkinci Dünya müharibəsindən sonra Sovet hakimiyyətinin dini abidələrə qarşı həyata keçirdiyi siyasət nəticəsində məscidin 24 metr hündürlüyündə olan dörd minarəsindən üçü sökülmüş, 1952-ci ildə isə binanın bir hissəsi planetariyə, digər hissəsi məktəbə çevrilmişdir.
Bu günlərdə isə İrəvanda Azərbaycanın qədim tarixi-mədəni irsinin nümunəsi olan Göy məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi növbəti mübahisəyə səbəb olub.
İranın vitse-prezidenti Həmid Purməhəmmədinin iştirakı ilə keçirilən tədbirdə məscidin iclas zalına erməni şairinin adının verildiyi elan edilib. Eyni zamanda, fars şairi Firdovsinin «Şahnamə» əsərinin erməni dilinə tərcüməsinin təqdimatı keçirilib. Yaxın vaxtlarda həmin zalda Yeqişe Çarentsin büstünün də qoyulması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu addıma etiraz edərək bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Göy məscidin mərasim zalına erməni şairinin adının verilməsi və orada büstünün qoyulması tarixi-mədəni kimliyin təhrifinə, beynəlxalq dəyərlərə hörmətsizliyə və sülh səylərinə qarşı təxribata xidmət edir.
Ən təəssüf doğuran məqam isə budur ki, tarixən bölgədəki gərginliklərdə öz siyasi maraqlarını önə çəkən qüvvələr bu gün də eyni yanaşmadan əl çəkmirlər. İranın bu prosesdəki iştirakı isə istər-istəməz ciddi suallar doğurur. Görəsən, İrəvandakı tarixi məscidin Azərbaycanla bağlı tarixi kimliyinin arxa plana keçirilməsinə dəstək vermək hansı mədəni və siyasi dəyərlərə xidmət edir?
İranın hakim dairələri unutmamalıdırlar ki, Azərbaycan artıq heç kimin siyasi iradəsindən asılı olan, təzyiqlər qarşısında geri çəkilən dövlət deyil. Bu gün Azərbaycan öz milli maraqlarını müdafiə etmək gücündə olan, regionda müstəqil siyasət yürüdən və heç bir diktəni qəbul etməyən dövlətdir.
Bəlkə də Azərbaycan həqiqətlərinin İranın bəzi hakimiyyət nümayəndələrini bu qədər narahat etməsinin səbəbi məhz budur. Lakin nə qədər çalışsalar da, tarixi faktları siyasi maraqlara uyğun dəyişmək, bir xalqın mədəni irsini unutdurmaq mümkün olmayacaq.
Tarixi silmək olar, onun üzərində başqa adlar yazmaq olar, hətta abidələrin təyinatını dəyişmək də mümkündür. Amma tarixə sahib olan xalqın yaddaşını silmək mümkün deyil! Bu gün Azərbaycan iynə ilə çıxarıla bilməyən bir tikan olaraq İran mollaların gözünə batır. Bəlkə də bu səbəbdən kor olub haqqı və ədaləti görməkdə çətinlik çəkirlər.
Nəbi RAMAZANLI,
texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis