Əmək bazarının statistikasına nəzər salanda hər dəfə eyni mənzərə ilə qarşılaşırıq: yeni açılan iş yerlərinin əsas hissəsi – təxminən 76 faizi Bakıda cəmləşib. Kağız üzərindəki rəqəmlər böyük iqtisadi mərkəzin hərəkətverici gücünü göstərsə də, o biri tərəfdə — regionlarda qalın səssizliyə bürünmüş kəndlər, qəsəbələr və kiçik şəhərlər dayanır. Sual olunur: əgər doğulduğu torpaqda insan özünə çörəkpulu qazana bilməsə, o torpaq kəndlini necə saxlaya bilər?
Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, hüquqi şəxslər tərəfindən yaradılan yeni iş yerlərinin ağırlıq mərkəzi tikinti, ticarət və xidmət sektorunun payına düşür. Lakin bu artım əsasən mərkəzləşmiş iqtisadiyyatın təbii nəticəsidir. Rayonlarda isə vəziyyət fərqlidir. Bir çox bölgələrdə iqtisadi fəallıq mövsümi xarakter daşıyır və ya ənənəvi kənd təsərrüfatı ilə məhdudlaşır.
Nəticədə hər il minlərlə gənc ali məktəbi bitirdikdən və ya sadəcə iş axtarışından ötrü doğma yurdunu tərk edib Bakı yollarına üz tutur. Paytaxtın nəqliyyat sıxlığı, mənzil bazarındakı qiymət artımı və sosial gərginlik məhz bu daxili miqrasiya axınının birbaşa nəticəsidir. Halbuki problemin kökü Bakıda ev tapmaqda deyil, rayonlarda iş yerlərinin olmamasındadır.
Kəndlərin və bölgələrin boşalması təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik və demoqrafik sabitlik məsələsidir. Sərhəd boyu kəndlərin, qədim yurd yerlərinin boşalması ictimai həyatın solmasına gətirib çıxarır. Regionlarda iş yerlərinin açılması üçün mövcud potensialdan düzgün istifadə edilməməsi əsas maneələrdən biridir.
Bölgələrimizdə emal sənayesi, kənd təsərrüfatı məhsullarının logistikası və qablaşdırılması, aqroturizm, eləcə də yerli sənətkarlıq sahələri əslində nəhəng işçi qüvvəsi tələb edir. Lakin bu sahələrin sistemli şəkildə dəstəklənməməsi, yerli sahibkarlığın bürokratik və ya maliyyə çətinlikləri ilə üzləşməsi inkişafı ləngidir. Əgər fermer yetişdirdiyi məhsulu ucuz qiymətə satmağa məcbur qalırsa və ya onu şəhərə daşımaqda logistik çətinlik çəkirsə, həmin rayonda yeni iş yerinin yaranmasından danışmaq əbəsdir. Ona görə hər bir rayonun rəhbərliyi dövlətimizin regionların inkişafı ilə bağlı dövlət layihəsinə xüsusi dəstək verməli, yeni-yeni iş yerləri və istehsal sahələrinin açılmasında maraqlı olmalıdır. Başqa sözlə çıxış yolu yerli iqtisadiyyatın canlandırılmasındadır.
Şəhərə axının qarşısını almaq üçün aşağıdakı kompleks addımlara ehtiyac var:
1.Rayonlarda emal və istehsal müəssisələrinin yaradılması: Xammalın birbaşa başqa yerlərə daşınması deyil, məhz istehsal yerində emal olunması minlərlə gəncə elə doğma rayonunda işləmək imkanı verər.
2.Peşə təhsili və regional ixtisaslaşma: Hər bir bölgənin iqtisadi özəlliyinə uyğun (məsələn, turizm, qabaqcıl aqrotexnologiya, toxuculuq və s.) peşə məktəbləri gücləndirilməli, işəgötürənlərlə birgə proqramlar qurulmalıdır.
3.Stimullaşdırıcı vergi və kredit siyasəti: Rayonlarda biznes quran sahibkarlara uzunmüddətli güzəştli kreditlər və vergi tətilləri verilməlidir ki, onlar paytaxtdan kənarda da riskə gedə bilsinlər.
Azərbaycanın inkişafı təkcə Bakının ucqar göydələnləri və geniş prospektləri ilə ölçülə bilməz. Əsl inkişaf Lerikin dağ kəndində, Tovuzun bağında, Cəbrayılın bərpa olunan torpaqlarında, hər bir bölgədə evinin ocağını yandıran vətəndaşın öz doğma yurdunda sabahından əmin olması ilə başlayır. Rayonlar Bakıya axışmamalıdır – əksinə, paytaxtın imkanları və diqqəti regionların nüfuz etməlidir. Çünki qüdrətli dövlətin təməli mərkəzdə deyil, hər qarış doğma torpaqda möhkəm dayanmış qürurlu el-oba ilə ölçülür.
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru