XX əsrin əvvəlləri Şərq dünyası üçün dərin oyanış, köhnə qaydaların sarsılması və xalqların öz taleyinə sahib çıxmaq uğrunda mübarizə dövrü idi. Bu oyanışın ən parlaq, ən dramatik və eyni zamanda ən şərəfli səhifələrindən biri məhz Cənubi Azərbaycanda – Təbrizdə yazıldı. Tarixə Məşrutə inqilabı kimi düşən bu hərəkatın ürəyi Təbrizdə döyünürdü, o ürəyə nəfəs verən, onu sönməyə qoymayan isə xalqın içindən çıxmış sadə bir insan – Sərdari-Milli Səttar xan idi.
Səttar xan hərəkatını sadəcə silahlı bir üsyan və ya hakimiyyət dəyişikliyi uğrunda mübarizə kimi qiymətləndirmək onun tarixi miqyasını kiçiltmək olardı. Bu, hər şeydən əvvəl, zülmə və mütləqiyyətə qarşı insan ləyaqətinin üsyanı idi. Əsrlər boyu Qacarlar sülaləsinin despotizmi, xarici dövlətlərin yarımmüstəmləkə siyasəti və feodal özbaşınalığı altında əzilən xalq artıq "qanun", "ədalət" və "parlament" (məşrutə) tələb edirdi. Təbriz bu tələbin təkcə carçısı deyil, həm də sonuncu qalası oldu.
1908-ci ilin iyununda Məhəmmədəli şah Rusiya kazak briqadasının köməyi ilə Tehranda parlamenti topa tutub dağıtdıqda, ölkənin hər yerində azadlıq işığı sönmüş kimi görünürdü. Bütün şəhərlər təslim olduğu bir vaxtda, yalnız Təbriz baş əymədi. Məhz bu məqamda Səttar xanın liderlik fenomeni bütün əzəməti ilə üzə çıxdı. O, nə peşəkar hərbçi idi, nə də siyasi nəzəriyyəçi. Lakin onun daxilindəki sarsılmaz ədalət hissi, Vətən sevgisi və xalqına olan sonsuz bağlılığı onu böyük bir sərkərdəyə çevirdi. Şah qoşunlarının ağ bayraq qaldırmaq tələbinə cavab olaraq Səttar xanın öz silahdaşları ilə birlikdə küçələrdəki ağ bayraqları endirməsi, tarixin gedişatını dəyişən simvolik və taleyüklü bir addım idi.
Təbriz üsyanının və Səttar xan hərəkatının ən mühüm xüsusiyyəti onun ümumxalq və beynəlmiləl xarakter daşıması idi. Təbriz səngərlərində təkcə cənublu azərbaycanlılar deyil, Şimali Azərbaycandan gəlmiş könüllülər – Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli kimi ziyalıların qələm dəstəyi ilə yanaşı, qonşu ölkələrdən də əli silah tutan qəhrəmanlar çiyin-çiyinə vuruşurdu. Bu, azadlıq ideyasının sərhəd tanımadığının sübutu idi. Eyni zamanda, hərəkatın daxili nizam-intizamı diqqətəlayiqdir: aylarla mühasirədə qalan, aclıq və səfalət içində boğulan Təbrizdə Səttar xanın qətiyyəti sayəsində nə bir qarət hadisəsi baş verdi, nə də dinc əhaliyə zərər toxundu. O, silahı yalnız zalıma qarşı qaldırır, məzlumu isə öz canı bahasına qoruyurdu.
Lakin Səttar xan hərəkatının taleyi həm də Şərq inqilablarının acı reallığını özündə əks etdirir. Xarici müdaxilələr – Çar Rusiyasının və İngiltərənin regiondakı imperialist maraqları, eləcə də daxili xəyanətlər hərəkatın qarşısını kəsdi. Təbrizə daxil olan rus qoşunları və Tehran hökumətinin hiyləgər siyasəti nəticəsində Səttar xan və onun sadiq silahdaşı Bağır xan Təbrizdən uzaqlaşdırılaraq Tehrana aparıldı. Atabəy bağında baş verən məlum xain hücum və Səttar xanın ayağından ağır yaralanması təkcə bir qəhrəmanın fiziki cəhətdən sıradan çıxarılması deyil, həm də bir millətin azadlıq arzusuna vurulan zərbə idi.
Bu gün Səttar xan hərəkatını təhlil edərkən belə bir nəticəyə gəlirik: bu hərəkat zahirən məğlub edilsə də, mənəvi və tarixi baxımdan tam qələbə qazandı. Səttar xan sübut etdi ki, əsarətə alışmayan, azadlığı canından üstün tutan bir xalqı heç bir imperiya və heç bir despotizm əbədi olaraq diz çökdürə bilməz. Onun qoyduğu irs sonrakı onilliklərdə Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri hərəkatlarının, ümumilikdə isə Azərbaycan milli oyanışının təməl daşına çevrildi.
Səttar xan adı bu gün də azadlıq, qürur və əyilməzlik rəmzidir. Təbrizin dar küçələrindən ucalan o azadlıq sədası zamanın sınağından çıxaraq bu gün də milli yaddaşımızda əks-səda verir və bizə azadlığın heç vaxt hədiyyə edilmədiyini, onun yalnız Səttar xan kimi qəhrəmanların iradəsi ilə qazanıldığını xatırladır.
Ruhu şad olsun!
Yeganə Qəhrəmanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya üzrə fəlsəfə doktoru
ATXQ İctimai Birliyinin həmsədri
İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru