![]()
Hər bir xalqın tarixində elə dönəm nöqtələri olur ki, həmin anlar yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyin təməl daşına çevrilir. 1988-ci ilin noyabr-dekabr aylarında Bakının indiki Azadlıq meydanında baş qaldıran xalq hərəkatı məhz belə unudulmaz tarixi mərhələlərdən biridir.
SSRİ-nin dağılmaqda olduğu bir dövrdə, DQMB ətrafında başlanan haqsızlıqlara və Azərbaycanın milli maraqlarının tapdalanmasına qarşı Bakıda başlayan etirazlar sadəcə bir siyasi aksiya deyildi. Bu, onilliklər boyu assimilyasiya təhlükəsi ilə üzləşən, lakin milli kimliyini, dilini və mənəviyyatını qoruyub saxlayan bir xalqın oyanış manifesti idi.
1988-ci ilin payızında Azərbaycan cəmiyyətində yaranmış partlayış xarakterli gərginlik bir neçə əsas amillə şərtlənmişdi:
1.Ermənistanın ərazi iddiaları və mərkəzi hakimiyyətin laqeydliyi: SSRİ rəhbərliyinin açıq-aşkar ermənipərəst siyasəti və azərbaycanlıların tarixi torpaqlarından kütləvi şəkildə qovulması xalqın səbr kasasını daşdırdı.
2.Milli şüurun oyanışı: İttifaq daxilində "yenidənqurma" adı altında gedən proseslər cəmiyyətə müəyyən fikir sərbəstliyi versə də, xalqımız öz haqq səsini ucaltmaq üçün genişmiqyaslı meydan hərəkatını seçdi.
3.Tələbələrin və ziyalıların öncüllüyü: Etirazların əsas hərəkətverici qüvvəsi gənclər, xüsusilə də tələbələr idi. Onların gecəni gündüzə qataraq meydanda çadır qurması, aclıq aksiyaları keçirməsi mübarizənin nə qədər qətiyyətli olduğunu göstərirdi.
17 Noyabrın siyasi və psixoloji əhəmiyyətini araşdırmağa çalışsaq, görərik ki,
Milli Dirçəliş Günü xalqımızın psixologiyasında köklü dəyişiklik yaratdı.
İlk növbədə, qorxu səddini aşmağa kömək etdi. İllərlə totalitar rejimin basqısı altında yaşayan insanlar ilk dəfə olaraq açıq şəkildə sovet imperiyasına qarşı çıxdılar və öz hüquqlarını tələb etdilər.
İkincisi, bu tarix müstəqillik ideyası toxumlarını səpdi. Hərçənd hərəkatın ilkin mərhələdə əsas şüarları ərazi bütövlüyünün qorunması və ədalətin bərpası idi, lakin bu kütləvi birlik qısa müddət ərzində dövlət müstəqilliyi ideyasının reallaşmasına yol açdı.
Üçüncüsü, 17 Noyabr milli birliyin təntənəsi oldu. Həmin günlərdə sinfi, sosial və ya siyasi fərqlər unuduldu; bütün Azərbaycan xalqı vahid bir yumruq kimi birləşdi.
Dördüncüsü, 17 Noyabr müasir dövrümüzün başlanğıcı, başqa sözlə, Dirçəlişdən Qələbəyə uzanan yolun əsası oldu.
1988-ci ildə Azadlıq meydanında başlayan dirçəliş ruhu illər keçdikcə müxtəlif sınaqlardan keçdi. 90-cı illərin əvvəllərində qazanılan dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin sabitliyə və inkişafa qovuşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri oldu.
Bu gün 17 Noyabr – Milli Dirçəliş Günü tam başqa bir məna kəsb edir. 2020-ci ildə əldə olunan tarixi Zəfər və suverenliyimizin bütün ərazimizdə bərpa olunması, 1988-ci il meydan hərəkatı iştirakçılarının və şəhidlərimizin ideallarının təntənəsidir. O dövrdə torpaq və ləyaqət uğrunda başlanan mübarizə bu gün güclü, müzəffər və qalib Azərbaycan reallığı ilə taclanıb.
Deyilənlər göstərir ki, Milli Dirçəliş Günü sadəcə təqvim bayramı deyil, xalqımızın iradəsinin, əyilməz ruhunun və azadlıq eşqinin simvoludur. Hər il bu günü qeyd edərkən keçmişə hörmətlə yanaşır, tariximizdən dərs alır və gələcəyə daha inamla baxırıq. Çünki xalqın dirçəlişi onun özünə qayıdışıdır – öz tarixinə, mədəniyyətinə və gələcəyinə sahib çıxmaq əzmidir.
Yeganə Qəhrəmanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya üzrə fəlsəfə doktoru
ATXQ İctimai Birliyinin həmsədri
İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru