Bu gün xalqımızın ziyalı sərvətlərindən biri — insan orqanizminin təbibi, ruhunun isə misilsiz nəğməkarı olan şair-həkim Zakir Ağdamlının 80 illik yubileyi qeyd edilir. Sekulyar təbabətlə humanist poeziyanı öz şəxsiyyətində eyni uca məqamda birləşdirən Zakir muəllim ömrünün 80-ci zirvəsində bizə bütöv bir insanlıq və sənət dəsri keçir.
Zakir Ağdamlı uzun illər həkimlik peşəsini şərəflə icra edərək minlərlə insana şəfa bəxş etmişdir. Həkimliklə yanaşı, kiçik yaşlarından qəlbini poeziyaya bağlamış, doğulub boya-başa çatdığı Qarabağ mühitinin zəngin ədəbi-mədəni ənənələrindən bəhrələnmişdir.
Zakir Ağdamlının yaradıcılığında Vətən sevgisi, Qarabağ nisgili, torpaq təşnəliyi, doğma kəndi Papravəndin poetik vəsfı və insan mənəviyyatının tərənnümü xüsusi yer tutur.
Təbiblik və şairlik sintezinin nəticəsidir ki, o, insanlara təkcə həkim kimi fiziki məlhəm olmaqla kifayətlənməmiş, sözün qüdrəti ilə də könüllərə rahatlıq və mənəvi qida vermişdir. Ziyalı davranışı və səmimiyyəti ilə xalqın, ədəbi mühitin hörmətini qazanmışdır.
Bütün bu deyilənlərdən irəli gələrək Zakir Ağdamlı yaradıcılığının və şəxsiyyətinin bünövrəsində iki əsas sütun dayanır: insana sevgidən doğan həkim şəfqəti və Qarabağ torpağının genetik hafizəsindən süzülüb gələn poetik təfəkkür.
Ağdamın poetik mühitində pərvəriş tapan, Ağdam torpağının təbiəti və insanları ilə nəfəs alan şair üçün həkimlik peşə, poeziya isə yaşamaq formasıdır. O, ağ xalatını geyinəndə fiziki ağrıları, qələmi əlinə alanda isə mənəvi yaraları sağaltmağa çalışıb.
Onun yaradıcılığı sadə, səmimi, lakin bir o qədər də dərin fəlsəfi qatlara malikdir. Şeirləri sadə, axıcı, el aşıq poeziyası və klassik qoşma-gəraylı ruhuna yaxın dildə yazılmışdır.
Şairin poeziyasında vətən həsrəti, insan mənəviyyatı və ömür yolunun fəlsəfəsi qırmızı xətt kimi keçir. Ona görə də Zakir Ağdamlı poeziyasını səciyyələndirən nümunələrə və onların poetik təhlilinə nəzər salsaq, Vətən və Qarabağ nisgilinin əsas yer tutduğunu görərik:
Ey Ulu Yaradan qanad ver mənə,
Sərhəd dirəklərin keçim ,qayıdım!
Cənnət Qarabağın havasın udum,
Onu dərman kimi içim, qayıdım!
Bu bənddə şairin mənsub olduğu torpaqla qırılmaz mənəvi teli əks olunub. İkinci misradakı təzad — fiziki olaraq başqa yerdə yaşamaqla ruhən doğma torpağa gedib qayıtmaq ziddiyyəti "ürəyin torpaqla döyünməsi" metaforasını əks etdirir. Şair üçün vətən sadəcə coğrafi məkan deyil, varlığın əsas şərtidir. Qala bilməsə belə, qanadlanıb o yerlərə uçmaq, ana torpağını görmək üçün ürəyi əsir.
Bənddə ən təsirli obrazlardan biri "Onu dərman kimi içim, qayıdım!" misrasıdır. Qarabağın havası dərmana bənzədilir. Deməli, doğma yurdun havası insanın yalnız cisminə deyil, ruhunа da şəfa verən bir qüvvə kimi təqdim olunur. “İçim” felinin işlənməsi havanı adi təbiət ünsüründən çıxarıb müqəddəs və şəfalı bir nemət səviyyəsinə qaldırır.
Bu parçada əsas motiv Vətən həsrəti və doğma yurda qayıdış arzusudur. “Qanad”, “sərhəd”, “cənnət”, “hava”, “dərman” sözləri bir-biri ilə əlaqələnərək belə bir poetik düşüncə yaradır: _insanı doğma torpağa bağlayan hiss o qədər güclüdür ki, Qarabağın havası belə onun üçün həyat və şəfa mənbəyinə çevrilir._
Xüsusilə hər bəndin sonunda “qayıdım” sözünün təkrarlanması bu poetik fikri möhkəmləndirir. Bu təkrar sadəcə qafiyə funksiyası daşımır; əsas ideyanı — qayıdış istəyini — poetik şəkildə ürəkləndirir.
Buradakı “qanad ver”, “cənnət Qarabağ”, “hava dərman kimi” obrazları misralara romantik, kövrək və ümidli bir ovqat gətirir. Bütövlükdə şeir parçası Vətənin insan üçün məkan deyil, mənəvi sığınacaq və şəfa mənbəyi olduğunu ifadə edir.
Zakir Ağdamlı vətənpərvər şair kimi təkcə doğulub boya-başa çatdığı Ağdamı yox, bütün Azərbaycanı vəsf edir:
Göy-göl göllərin tacıdır,
Maral göl ona bacıdır.
Zəli göl suyu acıdır,
Hər biridir bir tamaşa,
Yaşa, Ana Vətən, yaşa!
Bu bənddə şair Azərbaycanın təbiətini sadəcə sadalamır, onu canlı və bütöv bir gözəllik dünyası kimi təqdim edir. Göygölün “göllərin tacı” adlandırılması onun təbiət içində seçilən, ucalan mövqeyini göstərir.
“Tac” obrazı gölə adi coğrafi məkan olmaqdan daha yüksək, qiymətli və əzəmətli məna qazandırır.
“Maral göl ona bacıdır” misrasında isə təbiətə insan münasibəti gətirilir. Göllər sanki bir ailənin üzvlərinə çevrilir. Bu, Azərbaycanın müxtəlif guşələrinin bir-birindən ayrı deyil, eyni Vətən bütövlüyünün parçaları olduğunu da simvolik şəkildə ifadə edir.
Son misradakı “Yaşa, Ana Vətən, yaşa!” isə bütün təsvirlərin mənəvi zirvəsidir. Şair üçün təbiətin gözəlliyi Vətəndən ayrı deyil: göllər, dağlar, bulaqlar və düzlər birlikdə “Ana Vətən” obrazını yaradır. Təkrarlanan bu nida həm də şeirə nəğməvari, coşqun bir ahəng verir.
Ocaq Perəmbeldən keçək,
Lerik bulağından içək.
Lənkərana da baş çəkək,
Böyük Bazardan birbaşa,
Yaşa, Ana Vətən, yaşa!
Bu bənddə şair sanki oxucunu Azərbaycanın yollarında mənəvi bir səfərə çıxarır. “Keçək”, “içək”, “baş çəkək” felləri hərəkətlilik yaradır. Oxucu yalnız təbiəti seyr etmir, həmin torpağın yolları ilə addımlayır, bulağından su içir, şəhərlərinə baş çəkir.
Burada bulaq yalnız təbii su mənbəyi deyil, həm də həyat və saflıq obrazıdır. “Lerik bulağından içək” ifadəsində doğma torpağın nemətindən bəhrələnmək, onunla mənəvi bağ qurmaq hiss olunur.
Bəndin coğrafi adlarla zəngin olması da təsadüfi deyil. Şair ayrı-ayrı məkanları bir-birinin ardınca düzüb Vətənin xəritəsini poetik xəritəyə çevirir. Sanki hər yer bir misra, hər yol bir xatirədir. Bu baxımdan bəndin əsas ideyası yalnız səyahət deyil, Vətəni tanımaqla onu daha dərindən sevməkdir.
Astara hər yanı çiçək,
Talış dağlarından keçək.
Durnagöz bulaqdan içək.
Coşan könül dönsün quşa,
Yaşa, Ana Vətən, yaşa!
Bu bənddə təbiət təsviri daha çox hiss və duyğu üzərindən qurulur. “Astara hər yanı çiçək” misrasında çiçək sadəcə gözəllik detalı deyil; o, həyatın, baharın, təravətin və bolluğun rəmzi kimi çıxış edir.
“Talış dağlarından keçək” misrası şeirə genişlik və əzəmət gətirir. Dağ obrazı Azərbaycan poeziyasında çox vaxt möhkəmlik, ucalıq və vüqarla bağlıdır. Lakin şair bu əzəmətli dağlardan keçərək yenidən “Durnagöz bulaq” kimi saf və incə bir təbiət obrazına yönəlir.
Beləliklə, bənddə həm dağın vüqarı, həm bulağın saflığı, həm də çiçəyin zərifliyi bir araya gəlir.
Ən poetik məqam isə:
“Coşan könül dönsün quşa”
misrasındadır. Burada şair təbiətin yaratdığı duyğunu insan ruhunun azadlığı ilə bağlayır. Quş azadlığın, yüksəlişin və sərbəst ruhun simvoluna çevrilir. Yəni Vətənin gözəlliyini görən insanın könlü yerə sığmır, sanki qanadlanır, uçur.
16 bəndlik şeirdə şair Azərbaycanın müxtəlif bölgələrini sadalamaqla əslində Vətənin bütöv obrazını yaradır.
Mingəcevir bir gülüstan,
Hər tərəf bağça, bağ, bostan.
Xaldanda dur, Maşanı an,
Qoyma yaddaşı yaddaşa,
Yaşa, Ana Vətən, yaşa!
Bu Şahbuzdu, bu Ordubad,
Bu Naxçıvan – qaynar həyat.
Sədərəkdə səngərə yat,
Culfada qonaq ol aşa,
Yaşa, Ana Vətən, yaşa!
Birinci bənddə əsasən Mingəçevir və Xaldan, ikinci bənddə isə Naxçıvanın bölgələri sadalanır. Beləliklə, məkanların ardıcıl sadalanması Azərbaycan coğrafiyasının poetik xəritəsini yaradır. Parçanın əsas poetik gücü coğrafi adları Vətən sevgisi ilə birləşdirməsindədir. Şair Azərbaycanın ayrı-ayrı bölgələrini sadalamaqla onları vahid “Ana Vətən” obrazında birləşdirir. Təkrar, müraciət, sadalanma və təbiət obrazları şeirin vətənpərvər və coşqun emosional tonunu yaradır. “Gül”, “bağça”, “bağ”, “bostan” sözləri Vətənin bərəkətli və gözəl təbiətini, “səngər” sözü isə onun müdafiəsi və mübarizə tarixini xatırladır.
Göl, bulaq, dağ, çiçək, şəhər və kəndlər ayrı-ayrı coğrafi adlar olmaqdan çıxaraq Vətənin yaddaşını və ruhunu təmsil edir.
Şeirin ən mühüm xüsusiyyətlərindən biri də coğrafiyanın duyğuya çevrilməsidir: xəritədəki hər bir məkan şairin qəlbində bir hiss oyadır. Buna görə “Yaşa, Ana Vətən, yaşa!” misrası yalnız nəqarət deyil, bütün şeirin mənəvi dayağıdır. Bu sözlərdə həm məhəbbət, həm qürur, həm də doğma torpağın daim yaşaması arzusu birləşir.
Ümumiyyətlə, Zakir Ağdamlı vətənpərvərlik və insnpərvərliyin zirvəsində dayanan şairdir. Həkimlik və poeziya şairin ruhuna həzinlik gətirir, şair özünün iki müqəddəs missiyasını — tibbi və poeziyanı ustalıqla çarpazlaşdırır. "Nəbz tutmaq" tibbi anlayışı poetik olaraq "ruhu duymaq" müstəvisinə keçirilir. Bu Zakir müəllimin şəxsiyyət kredosudur: söz – sadəcə misra deyil, həm də mənəvi məlhəmdir.
Şairin 80 illik ömür yoluna nəzər salıb fəlsəfi ümumiləşdirmə aparsaq, görərik ki, ömür yolu karvana bənzəyən şair klassik Şərq poeziyası ənənəsinə söykənərək xalqa üz tutur və yorulmadan xalqa sevgisini ifadə edir. Bu isə sənətkara qarşılıqlı şəkildə ən böyük mükafatı — xalq sevgisini qazandırır.
Əziz Zakir müəllim!
Siz 80 illik şərəfli ömür yolunuzda həm həkim kimi minlərlə insana şəfa bəxş etdiniz, həm də şair kimi minlərlə qəlbə yol tapdınız. Sizin şəxsiyyətiniz saflıq, xeyirxahlıq və zəhmətkeşlik nümunəsidir. Siz Ağdam poeziya məktəbinin ruhunu, Qarabağ ziyalısının məğrurluğunu hər zaman uca tutmusunuz.
Bu gözəl yubiley gününüzdə Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz ilham və qələminizin kəsərinin həmişə iti olmasını arzulayırıq! 80 illik zirvəniz mübarək olsun!
Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru,, ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA tv.az Xəbər portalının direktoru