Azərbaycan xalçaçılığı sadəcə əl sənəti deyil; o, xalqımızın minilliklər boyu formalaşan estetik zövqünün, dünyagörüşünün və tarixi yaddaşının daşlaşmış, daha doğrusu, ilmələnmiş formasıdır. Lakin bu zəngin irsə təkcə keçmişin qürurverici səhifəsi kimi baxmaq kifayət etmir. Bu gün qarşımızda duran əsas sual budur: Biz bu sərvəti nə dərəcədə qoruya bilirik və onu gələcək nəsillərə necə ötürəcəyik?
Arxeoloji qazıntılar və tarixi mənbələr sübut edir ki, Azərbaycan ərazisində xalçaçılıq hələ Tunc dövründən başlayaraq inkişaf edib. Orta əsrlərdə isə Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz kimi xalçaçılıq məktəbləri özünəməxsus naxış sistemi və rəng həlli ilə dünya şöhrəti qazanıb. Avropa rəssamlarının (Hans Memlinq, Lorenzo Lotto və başqalarının) tablolarında Azərbaycan xalçalarının təsvir olunması bu sənədin hələ əsrlər əvvəl qlobal mədəniyyətin ayrılmaz hissəsinə çevrildiyini göstərir.
Bu gün dünyanın ən nüfuzlu muzeylərində — Londonun Viktoriya və Albert muzeyində, Nyu-Yorkun Metropoliten muzeyində, Sankt-Peterburqun Ermitajında, İstanbulun Türk və İslam Əsərləri Muzeyində nadir Azərbaycan xalçaları qorunur. Məsələn, Təbriz xalçaçılıq məktəbinin şah əsəri olan "Şeyx Səfi" xalçası Londonda, "Əjdahalı" və "Qasımuşağı" xalçaları isə müxtəlif Qərb kolleksiyalarında saxlanılır.
Lakin məsələnin ağrılı tərəfi odur ki, bir çox muzeylərdə və şəxsi kolleksiyalarda bizim olan, lakin mənşəyi ya ümumiləşdirilmiş şəkildə ("Qafqaz xalçası", "İran xalçası"), ya da bəzən başqa xalqların adına çıxarılaraq təqdim edilən yüzlərlə nümunə var. Eyni zamanda, hələ elmi dövriyyəyə daxil edilməmiş, anbarlarda qalan və ya xarici hərraclarda satılan nə qədər xalçamız mövcuddur. Bu, bizim mənəvi xəritəmizin dünyanın müxtəlif nöqtələrinə səpələnmiş parçalarıdır. Dünya muzeylərindəki itmiş və ya "özgələşdirilmiş" irsimizə sahib çıxmaq bu gün ən böyük mənəvi borclarımızdan biridir. Xalçalarımıza sahib çıxmaq təkcə bir parçanı muzeyə qaytarmaq deyil, həm də tarixi ədaləti bərpa etməkdir. Çünki hər bir naxış bir kod, bir şifrədir. Əgər biz o naxışların kimə məxsus olduğunu sübut etməsək, zamanla həmin mədəni kodlar başqalarının adına yazılır. Dövlət səviyyəsində aparılan işlər, beynəlxalq hərraclardan nadir xalçaların alınaraq ölkəyə gətirilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Lakin bu prosesdə alimlərin, sənətşünasların və diplomatların birgə, sistemli fəaliyyəti daha da gücləndirilməlidir.
Bəs xalçaçılığımızın gələcəyi üçün nə etməliyik? Fikrimizcə, xalçaçılığın yalnız muzey eksponatı olaraq qalmaması, canlı bir sənət kimi yaşaması üçün bir neçə mühüm addım atılmalıdır:
* Elmi kataloqlaşdırma və rəqəmsallaşma: Dünya muzeylərindəki bütün Azərbaycan xalçalarının vahid elektron bazası yaradılmalı, onların pasportlaşdırılması aparılmalıdır.
* Ustad-şagird ənənəsinin bərpası: Gənc nəslin bu sənətə marağını artırmaq üçün xalçaçılıq həm iqtisadi cəhətdən gəlirli sahəyə çevrilməli, həm də təhsil müəssisələrində müasir metodlarla tədris olunmalıdır.
* Müasir dizaynla sintez: Ənənəvi naxışları qorumaq şərti ilə xalçanı müasir interyer və moda sənayesinə inteqrasiya etmək lazımdır ki, o, gündəlik həyatımızda yenidən yer alsın.
* Təbii boyaqçılığın inkişafı: Qədim üsullarla təbii rənglərin alınması texnologiyası qorunmalı və ekoloji təmiz məhsul kimi dünya bazarına çıxarılmalıdır.
Xalça bizim keçmişimizdən gələcəyimizə uzanan körpüdür. Lətif Kərimovun min bir əziyyətlə topladığı o irsi yaşatmaq, dünyaya səpələnmiş naxışlarımızı yenidən öz adımızla tanıtmaq həm tarix, həm də gələcək qarşısında ən böyük borcumuzdur.
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru