Tarixin gedişatını dəyişən elə hərbi-siyasi hadisələr var ki, onların təsir dairəsi yalnız müharibə meydanı və ya müəyyən olunmuş dövlət sərhədləri ilə məhdudlaşmır. 2020-ci ilin 8 Noyabr Zəfəri məhz belə bir qlobal və regional dönüş nöqtəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bütün Türk dünyasının strateji bütövləşməsində, geopolitik nüfuzunun artmasında və Avrasiya məkanında yeni güc balansının bərqərar olmasında keyfiyyətcə təmamen yeni bir mərhələnin əsasını qoydu.
8 Noyabr Zəfərinə qədər Türk dünyası daha çox ortaq soy-kök, dil və mədəniyyət müstəvisində birləşən mənəvi bir coğrafiya kimi xarakterizə olunurdusa, Qarabağ Zəfərindən sonra bu birlik hərbi-strateji və siyasi məmuniyyət müstəvisinə adladı.
Azərbaycanın işğala son qoyması və regionda yaratdığı yeni reallıqlar Türk Dövlətləri Təşkilatının institusional baxımdan möhkəmlənməsini sürətləndirdi. Qarabağ müharibəsi zamanı nümayiş etdirilən Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi – Şuşa Bəyannaməsi ilə rəsmiləşərək – bütün Türk dünyası üçün vahid təhlükəsizlik və həmrəylik modelinə çevrildi. Bu zəfər göstərdi ki, Türk dünyası artıq beynəlxalq münasibətlər sistemində sadəcə müşahidəçi deyil, aktiv geopolitik subyektdir.
Qarabağ Zəfərinin gətirdiyi ən mühüm geosiyasi nəticələrdən biri Zəngəzur koridoru konsepsiyasının gündəmə gəlməsidir. Bu kommunikasiya xətti sadəcə iki ölkəni birləşdirən nəqliyyat marşrutu deyil, İstanbuldan Kaşğara qədər uzanan Türk dünyasının kəsintisiz quru bağlantısını təmin edən strateji şah damardır.
Bu həm də iqtisadi-logistik inteqrasiyadır. Çünki Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının vacib halqasına çevrilərək Mərkəzi Asiya Türk cümhuriyyətlərinin Avropaya çıxışını qısaldır və regional ticarət dövriyyəsini dəfələrlə artırır.
Zəfərimizin daha bir əhəmiyyətli məqamı geostrateji bütövlüyə nail olmaqdır. Əsrlər əvvəl süni şəkildə kəsilmiş coğrafi rabitənin bərpası Türk dünyasının coğrafi baxımdan bütövləşməsinə və vahid iqtisadi zonaya çevrilməsinə xidmət edir.
Zəfərimiz yeni diplomatik dil və milli qürurun dirçəlişi üçün də xüsusi rola malikdir.
Çünki 8 Noyabr Zəfəri Türk xalqlarının tarixi yaddaşındakı psixoloji baryerləri də sındırdı. Əsr boyunca davam edən torpaq itkiləri və geri çəkilmə psixologiyası yerini qalibiyyət, özünəinam və hücum diplomasisinə verdi. Bu gün Ankara, Bakı, Aşqabad, Daşkənd, Astana və Bişkək xəttində formalaşan yeni siyasi iradə qlobal güc mərkəzlərini Cənubi Qafqaz və Mərkəzi Asiya ilə hesablaşmağa vadar edir.
Qarabağdan boylanan bu yeni geosiyasi üfüq göstərir ki, 8 Noyabr Zəfəri təkcə bir müharibənin sonu deyil, XXI əsrdə Türk dünyasının böyük dirçəlişinin və yeni geosiyasi erasının başlanğıcıdır.
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA TV-nin direktoru