Həyatın elə ağır, dözülməz sınaqları olur ki, insan qələmi əlinə alanda sözlər boğazında düyünlənir, cümlələr titrəyir. Elə 8 noyabr 2025-ci il kimi... Bu tarix Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri Rasafil Bayramovun və ailəsinin həyatına, eləcə də bu ocağı tanıyan hər bir kəsin qəlbinə silinməz bir nisgil, dərindən göynədən bir ağrı kimi həkk olundu. Birliyin mətbuat xidmətinin rəhbəri, İctimai Xəbər Agentliyinin, ATA TV və Azad TV--nin təsisçi baş direktoru, dəyərli jurnalist və el ağsaqqalı Rasafil Bayramovun əziz, tək və yeganə qızının bu fani dünyaya gözlərini əbədi yumduğu günün üzərindən bir il ötür. Düz bir il... Bu bir il zamanın axıb getdiyi təqvim yarası deyil, hər gün yenidən qanayan ana ürəyinin, ata fəryadının səssizliyidir.

Sulutəpə qəsəbəsində - Rasafil müəllimin evində keçirilən anım mərasimində hər bir iştirakçının qəlbində dərin kök salmış kədərin şahidi olduq. Rasafil müəllimin yaxınları, doğmaları, qonşuları, dostları və Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi ilə yanaşı, bütün iştirakçılar bu hüznlü gündə onun yanında idilər. Məclisdə mərhumun nurlu xatirəsi dərin ehtiramla yad edildi, ruhuna dualar oxundu. Uca Allahdan ona rəhmət, ailəsinə, əzizlərinə səbir və dözüm diləndi.

Bu ailənin tək qız övladı olan Zülfiyyə xanım adi insan deyil idi; o, öz zərifliyi ilə bərabər dağlar qədər mətin, son dərəcə ləyaqətli və dəyanətli bir ruh sahibi idi. Atasının, anasının başını uca edən, qardaşının övladlarına ana qucağı açan, ocağın istiliyini qoruyan fədakar bir qız idi. O, hər bir çətinliyə səbirlə sinə gərər, ailəsinin hər ağrısını öz yükü bilərdi. Hələ bir neçə il əvvəl Rasafil qardaşımızın keçirdiyi ağır ürək əməliyyatından sonra onun yenidən həyata qayıtmasında, ayağa qalxmasında məhz qızının böyük fədakarlığı, gecəni gündüzə qatıb atasının başı üzərində keşik çəkməsi dayanmışdı. Həkimlərin səyi ilə yanaşı, bir övladın atasına göz bəbəyi kimi baxması ilə Rasafil müəllim həyatı yenidən qazanmışdı. İndi isə taleyin yazısı elə gətirdi ki, həmin əziz, təmiz ruhlu, mələk xasiyyətli övladın vaxtsız gedişi bu gözəl ailəni dərindən sarsıtdı.

Ölümün acı həqiqəti ilə barışmaq çətindir, lakin ana üçün övlad yoxluğunun verdiyi ağırlıq heç bir ölçüyə sığmır. Övladını itirən ana bu bir il ərzində bir an belə olsun bu ağır itki ilə barışa bilmədi, ürəyindəki o sönməz ocağın istisi ilə hər gün yenidən yandı, bu dözülməz dərddən heç cür özünə gələ bilmədi. Çünki ana qəlbi övladının yoxluğunu heç bir zaman qəbul edə bilmir; o, hər səhər qızının səsi ilə açılan pəncərədə, hər axşam otağın boş qalan küncündə onun ruhunu axtarır.
Rasafil qardaşımız isə həyatda hər zaman öz mərdliyi, cəsarəti, düzlüyü və ləyaqəti ilə seçilən, hər kəsin dar günündə dayağı olan uca bir insandır. Belə bir mərd insanın, belə əsilzadə bir ailənin vaxtsız övlad itkisi ilə üzləşməsi hamımızın – bütün dostların, əməkdaşların və ictimaiyyət nümayəndələrinin ürəyində sağalmaz bir yara açdı.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi və bütün kollektivi adından bir daha dəyərli Rasafil qardaşımıza və bütün ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.
Zülfiyyə qızımızın məkanı cənnət, ruhu şad, məqamı uca olsun! Allah səbir versin.
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA TV-nin direktoru