Yağışlı hava idi...Dünəndən qət etmişdim ki, gedəcəm onun yasına. Onu mərasiminin son günündə belə tək qoymaq istəmədim. Qoya da bilməzdim, çünki Vətən üçün onun adı və adın doğurduğu şəxsiyyət bütövlüyü danılmazdır. Bu bir jurnalist, bir vətəndaş, bir eloğlu kimi borcum idi. Hazırlaşıb yola düzəldim. Mikrafon əldə, çanta çiynimdə. Yağış suyu dolu gölməçələri keçərək mərasim evinə üz tuturam. Ötən qırx gündə heç unutmadım. Qardaşı ilə tez-tez əlaqə yaradır, rəhmətliyi birgə anırdıq. Həm şəxsiyyət, həm də jurnalist olaraq sözü kəsərli, sözü keçərli idi. Düzü, onun yoxluğuna heç inana da bilmirəm, bilməyəcəm də. Mənə görə o həmişə canlıdır. Söhbət Əvəz Zeynallıdan gedir...
Bu gün Əvəz Zeynallının qırx mərasimidir. Girişdə qardaşı hamını qarşılayır, təkrar-təkrar gələn-gedən qonaqların, yad edənlərin, dostların, doğmaların, ən əsası Əvəz sevənlərin başsağlıqlarını qəbul edir, dualarına “amin” deyir, minnətdarlığını bildirir. Rauf Zeynalova yaxınlaşıb görüşürəm, təkrar baş sağlığımı bildirib mərasimə qatılıram. Gələn-gedən hər kəs Əvəz Zeynallı barədə səmimi fikirlərini bölüşür, onun peşəkar jurnalist fəaliyyətindən, gözəl şəxsiyyətindən danışırlar. Gerçəkdən də Əvəz bəy eldən gedən böyük oğullarımızdan idi, dəyərli, hökümlü jurnalistimiz idi. Masa ətrafında bir daha onun həyat və fəaliyyət yolunu yad edirik. Heç asan ömür yaşamayıb. Deportasiyaya məruz qalıb, iki dəfə həbs həyatı yaşayıb.
Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmət keçib. Daha sonra Türkiyəyə gedərək Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1999-cu ildə universiteti bitirib.
Azərbaycana qayıtdıqdan sonra jurnalistika fəaliyyətinə başlayıb.
Əvəz Zeynallının adı Azərbaycan mətbuatında ən çox “Xural” qəzeti ilə bağlı çəkilir. Ancaq əvvəl də jurnalist fəaliyyəti olub və bu yol onu peşəkarlaşdırıb.
O, 2002-ci ildə “Xural” qəzetini təsis edib və uzun müddət nəşrin baş redaktoru olub. 2010-cu ildən isə “Xural”ın internet saytı fəaliyyət göstərib. Sonrakı illərdə bu media layihəsi “Xural TV” adı ilə internet televiziyası formatında da fəaliyyətini davam etdirib. Həmin televiziyadan çoxsaylı odlu-alovu, tənqidi açıqlamalar isə çoxumuza bələddir. Elə çoxumuz da onu bu kanal siması olaraq sevdik.
Bir sözlə, Əvəz Zeynallının həyat yolu asan keçməyib. Bu yol Azərbaycan mətbuatının son onilliklərdəki mürəkkəb və ziddiyyətli dövrlərindən keçib. O, jurnalist fəaliyyəti ilə yanaşı, qəzetçilik, nəşriyyat, tərcüməçilik və ictimai fəaliyyətlə də məşğul olub. Ömrünün son illəri isə məhkəmə prosesi, həbs və ağır onkoloji xəstəliklə mübarizə ilə yadda qalıb. Bəlkə də tez azad olsaydı, onun ömrünü uzatmaq nəsib olardı. 56 il ömür çox qısadır. Əvəzə belə qısa ömür yaraşmırdı.
Kürdəxanı qəbrstanlığında məzarından boylanan Əvəz Zeynallıya baxanda, kədərləndiyim qədər həm də qürurlandım. Onu məzar daşından boylanan görüntüsü sanki “Xural” televiziyasından çıxış edəcək qədər canlı idi. Baş daşında “Sizə xidmət edəcəyəm” yazısı Əvəz Zeynallı şəxsiyyətinin silinməz imzası, əlli altı illik ömrünün dəyişməz vədi idi.
Mikrafonu çıxarıb müsahibə almaq istəyirəm. Xatirə qalsın deyə , qardaşından Əvəz barədə öz fikirlərini bölüşməsini xahiş edirəm... Haqqın çarçısı, əvəzsiz insan, xalqını, dövlətini sevən bir insan barədə təbii ki, qardaşı, doğmaları aylarla danışsa belə yetinməz.

“ Təşəkkür edirəm. Siz bizi bu qırx gündə tək qoymadınız, bütün mərasimlərdə iştirak etdiniz. O cümlədən, bütün siyasi partiya təmsilçiləri, müstəqil mətbautda adı, imzası olan hamı, baş redaktorlar qırx gündə bizi tək qoymadılar. Ağır itkidir həm ailəsi, həm biz doğmaları üçün. Bundan sonra çox çətin olacaq . Əvəz Zeynallı xalqın oğulu, sevdiyi bir şəxsiyyət idi. Çətin olacaq, bizim ağrımızdır, dərdimizdir. Gəlib iştirak edənlərə, gələ bilməyib yad edənlərə də bir daha təşəkkürümü bildirirəm. Əvəzin bir sözü vardı. Millət üçün ağlayan gözdən olmur. Həqiqətən onu sevib dəyər verənlər onun əziyyətini itirmədi. Yeganə təsəllimiz də budur. Əvəz Zeynallı kişi kimi gəlib kişi kimi də getdi. Bütün xoş fikir, xoş təəssürat bölüşən , duyan, yad edən hər kəsə minnətdarlığımı bildirirəm.Əvəzi unutmadız deyə...”
Sağollaşıb qayıdanda, kədər içində bir şad xəbər alıram. Əvəz Zeynallının uzun illər üzərində çalışdığı, çətinliklərlə qarşılaşdığı “Elçibəyin imtahanı” kitabı artıq nəşr olunub. Həyat yoldaşı Məlahət Qisuri Zeynallı da sosial şəbəkə hesabında bu barədə paylaşım edib. Onun qırx mərasiminə kitab nəşrinin hazır olması həm də sağlığında Əvəzə verilən Vəfa vədi idi. Əminəm ki, xatirələr dolu kitab Əvəzi bir daha oxucusuna tanıdacaq, sevdirəcək, qələminin gücünü unutdurmayacaq... “Xural “ da fəaliyyətində davam edəcək. Kitab və kitabların nəşri buna xidmət edəcək...
Ruhun şad olsun, Əvəz Zeynallı!
Rasafil Bayramov İctimai Xəbər Agentliyi , Atatv.az və Azadtv.az saytının rəhbəri
Günel SABİRQIZI “İctimai Xəbər Agentliyinin” xüsusi müxbiri.